×
A
A
A
Sazlamalar

Latviyanın “AirBaltic” aviaşirkətinin ekipaj üzvləri koronavirusla bağlı təlimatlandırılıblar

Riqa, 20 fevral, AZƏRTAC

Latviyanın “AirBaltic” milli aviaşirkətinin ekipaj üzvləri yeni koronavirus şübhəsi yaranacağı halda necə hərəkət etməklə bağlı təlimatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə LETA agentliyinə açıqlamasında aviaşirkətin nümayəndəsi Alisa Briede məlumat verib.
A.Briede “AirBaltic”in Çinə birbaşa uçuşlar həyata keçirmədiyini və koronavirusun sürətlə yayılmasının biletlərə olan tələbata təsir göstərmədiyini vurğulayıb.
O, qabaqlayıcı tədbirlər məqsədilə “AirBaltic” təyyarələrinin lazımi avadanlıqla təchiz edildiyini də qeyd edib.
Nümayəndənin sözlərinə görə, Avropa ölkələri yoluxma səbəbi ilə müxtəlif idman tədbirlərini, konfransları və konsertləri ləğv etməyə başlayacağı təqdirdə, “AirBaltic” bunun mənfi təsirini hiss edə bilər.
Aviaşirkətin nümayəndəsi əlavə edib ki, “AirBaltic” səlahiyyətli orqanların tövsiyələrini yerinə yetirir və bunlara müvafiq olaraq gündəlik fəaliyyətində dəyişikliklər həyata keçirir.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2020-02-20 04:49:00