×
A
A
A
Sazlamalar

Ötən il Astarada 1900 yeni iş yeri açılıb

Astara, 19 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 19-da Astara Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hesabat məruzəsi dinlənilib.
Ötən il ölkəmizdə, o cümlədən Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan danışan Q.Ağayev 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 4 müvafiq sərəncam imzalandığını bildirib: “Bu sərəncamlar yol və elektrik xətti təsərrüfatının, sakinlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə yönəlib”.
Qeyd olunub ki, hesabat ilində rayonda bütün sahələrdə nailiyyətlər qazanılıb. Yerli gəlirlər 122, yerli xərclər isə 95 faiz icra olunub. İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri 189 milyon manat, bir nəfər üçün 1733 manat təşkil edib. Ötən il Astarada 1900 yeni iş yeri açılıb.
2019-cu ildə rayonda əsaslı tikinti, abadlıq-quruculuq işləri uğurla davam etdirilib. Astara şəhərində 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilib, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binasının, Ərçivan qəsəbə uşaq bağçası üçün 100 yerlik yeni binanın tikintisinə başlanılıb.
Keçmiş peşə məktəbinə məxsus 3 bina Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək onların dam örtükləri və fasadı, Səməd Vurğun küçəsində 3 saylı ictimai yaşayış binasının fasadı əsaslı təmir olunub.
Ərçivan-Artupa-Züngüləş avtomobil yoluna, Kijoba qəsəbəsini Maşxan kəndi ilə birləşdirən yola və Ərçivan qəsəbəsində 2 nömrəli məktəbə gedən yola asfalt döşənib, Astara şəhərinin Heydər Əliyev prospekti, Qum, Səməd Vurğun, Şahin Əliyev və digər küçələri təmir olunub. Hazırda ucqar dağlıq ərazidə yerləşən, çətin relyefə malik Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilişi davam etdirilir.
Rayonda mənzil növbəsinə götürülmüş imtiyazlı kateqoriyadan olan 6 şəhid ailəsi və 5 nəfər Qarabağ əlili üçün fərdi yaşayış evləri tikilib. Bu il bu kateqoriyadan olan 10 ailə üçün fərdi yaşayış evinin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Rayon əhalisinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə rayonun yaşayış məntəqələrində istismar müddəti başa çatmış transformatorlar, sayğaclar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elektrik xətti olmayan Dolu, Diqo, Avyarud, Sibiyyət, Sekaşan kəndlərinə elektrik xətti çəkilib.
Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 127 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.
Bildirilib ki, hesabat ilində daşqın və sel sularına qarşı mübarizə məqsədilə Astaraçay və Pensərçayda ümumilikdə 910 p/m mühafizə divarı və sahilbərkitmə işləri aparılıb, Ərçivan çayının hər iki sahilində 5 kilometr məsafədə dərinləşdirmə və genişləndirmə işləri aparılaraq su basma təhlükəsi aradan qaldırılıb. Kijoba qəsəbəsində uzunluğu 2 kilometr olan suvarma su xətti çəkilib.
Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün quraşdırılan modul tipli yeni binaların tikintisi başa çatdırılıb, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın tikintisi başa çatmaq üzrədir.
Ötən il Motlayataq kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Bakı-Astara dəmir yolu xəttinin yeni salınmış Ələt-Astara-İran avtomobil yoluna paralel çəkilməsi rayonun dəniz sahili boyunca geniş bir ərazinin dəmir yol xəttindən azad olunaraq, müasir yaşayış kompleksinin, hotellərin və digər turizm infrasturkturlarının inşa edilməsinə və müasir tipli istirahət zonasının yaradılmasına imkanlar açacaq.
Bildirilib ki, ötən il rayonun aqrar sektorunda da uğurlu nəticələr qazanılıb.
2019-cu ildə çəltik əkini aparılmış 237 hektar sahədən 997 ton çəltik yığılıb. İstehsal edilən çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırlması məqsədilə Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodu tikilib istifadəyə verilib.
Rayonda mövcud 137 hektar məhsuldar çay plantasiyalarından 583 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Sevindirici haldır ki, rayonda istehsal edilən çay məhsulu xarici bazarlarda da yerini tapmaqdadır.
Rayon üzrə sitrus bağlarının ümumi sahəsi 4035 hektara çatdırılıb. Təcrübə mübadiləsi sayəsində rayona şaxtaya davamlı “Satsuma” yapon sortu sitrus meyvə tingləri gətirilib, innovativ üsullarla 2019-cu ildə 201 hektar yeni sitrus meyvə bağları salınıb, 43 min ton məhsul istehsal olunub.
İl ərzində rayonda 350 tona yaxın bal istehsal edilib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Maliyyə İdarəsinin rəisi Cavid Abbasov, Şahağac bələdiyyəsinin sədri Samik Mailov, rayon mərkəzi xəstəxanasının baş direktoru Əlövsət Əliyev, Pəlikəş kənd ərazi icra nümayəndəsi Balakişi Rəhmanov, Rayon Ağsaqqallar Şurasının sədri Gülağa Rzayev, Pensər kənd sakini Asif Əsədullayev, Astara şəhər sakini Firudin Quliyev və başqaları ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edib.

Regionlar 2020-02-19 22:40:00