×
A
A
A
Sazlamalar

Özbəkistan və Türkiyə prezidentləri ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndiriblər

Ankara, 19 fevral, AZƏRTAC

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Türkiyə Respublikasına rəsmi səfəri başlanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı Ankarada Prezident Administrasiyasında qarşılayıb.
Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Hər iki ölkə başçısı ikitərəfli münasibətlərin inkişafını, beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurasına) çərçivəsində əlaqələri yüksək dəyərləndiriblər. Vurğulanıb ki, Türkiyə ilə Özbəkistan arasında bütün sahələr üzrə dinamik inkişaf mövcuddur.
Qeyd edək ki, Şavkat Mirziyoyev prezident seçiləndən sonra Özbəkistan-Türkiyə münasibətlərində, o cümlədən digər türkdilli ölkələrlə əlaqələrin inkişafında böyük canlanma yaranıb. Ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurasına) üzv olması barədə qəbul etdiyi qərar Prezident Şavkat Mirziyoyevin dövlət başçısı kimi türk dünyasının birliyi naminə atdığı tarixi addımdır.
Özbəkistan Prezidentinin Türkiyəyə səfəri fevralın 20-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-02-19 20:49:00