×
A
A
A
Sazlamalar

Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir

Ağcabədi, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. 2019-cu ildə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Vağazin obasında 256 evdən, Qarakeçdi obasında 245 evdən, Şeylanlı obasında isə 144 evdən ibarət qəsəbələr inşa edilib. Qəsəbələrdə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, inzibati bina, tibb məntəqəsi tikilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoyublar.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin hesabat məruzəsində bildirilib ki, 2019-cu ildə Taxtakörpü ərazisində abadlıq-quruculuq işləri davam etdirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Laçın rayon Ağbulaq, Sonasar, Katos, Hacılar və Qazaxlar kənd məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib. Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına meydanda və parkda əsaslı abadlıq-quruculuq işləri aparılıb.
Taxtakörpü ərazisindəki idarə və müəssisələrin inzibati binalarının fasad hissələri təmir edilərək rənglənib. Laçın rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binası əsaslı təmir edilib. Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə 350 ədəd, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2000 ədəd ağac əkilib. Çınqıl örtüklü avtomobil yollarının 22,3 kilometr hissəsində təmir işləri görülüb. Taxtakörpü-Mişni, Alxaslı-Qarıqışlaq və Mayis-Sadınlar avtomobil yollarının yararsız hissələrinə qum-çınqıl qarışığı tökülərək təmir olunub.
Məcburi köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Taxtakörpü ərazisində 10 və 0,4 kVa-luq elektrik verilişi xətləri cari təmir edilib, 12 min metr naqil yenisi ilə əvəzlənib. İstismar müddətini başa vurmuş 71 elektrik dayağı dəyişdirilib, 8 ədəd yeni transformator quraşdırılıb, 10 ədəd transformator əsaslı təmir edilib. Əhalini içməli su ilə təmin etmək məqsədilə Taxtakörpü ərazisində müxtəlif diametrli 1560 metr su xətti dəyişdirilib, Qayğı qəsəbəsində metal su borusunun 85 metr hissəsi polietilen boru ilə əvəz olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə 90-ı daimi olmaqla 115 nəfər iş yeri ilə təmin edilib. Rayon Məşğulluq Mərkəzinə müraciət edən sakinlərdən 31 nəfəri, “DOST” İş Mərkəzi MMC ilə Kommunal Müəssisələr Kombinatı arasında bağlanmış müqaviləyə uyğun olaraq isə 12 nəfər işlə təmin olunub. Özünüməşğulluq proqramına cəlb edilmiş məcburi köçkünlərdən 135 nəfərinə aktivlər verilib.
Yığıncaqda qeyd olunub ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə əhali və fermer təsərrüfatlarında 31 min 467 baş iribuynuzlu, 130 min 557 baş xırdabuynuzlu heyvan olub. Bu dövrdə 1894,2 ton ət, 15 min 374,1 ton süd, 239,1 ton yun istehsal edilib. Laçınlı kümçülər tərəfindən 703 qram (37 qutu) ipəkqurdu bəslənilib, 1297 kiloqram yaş barama tədarük olunub. Taxtakörpü ərazisində taxılçılıqla məşğul olan məcburi köçkünlər 2557 ton məhsul əldə ediblər. Rayonda heyvandarlığın inkişafı və yem bazasının yaradılması məqsədi ilə hazırda 1215 hektar yonca sahəsi becərilir. 2020-ci ilin məhsulu üçün 117 hektar sahədə buğda, 1171 hektar sahədə arpa, 265 hektar sahədə yonca səpini aparılıb.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov çıxış edib.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-19 19:06:00