×
A
A
A
Sazlamalar

Qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləməməsi zəhərlənmə hallarına səbəb olur

Ağsu, 19 fevral, AZƏRTAC

Ağsu rayonunda son iki ayda dəm qazından 3 nəfər zəhərlənib. Növcü və Curuğlu kəndlərində zəhərlənənlər ambulator müalicədən sonra xilas edilsələr də, Qaraqoyunlu kənd sakini Əfsanə Səməd qızı Hacıyevanı xilas etmək mümkün olmayıb.
Dəm qazından zəhərlənmə hadisələri və onun səbəbləri barədə AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İlham İslamov deyib: “Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə çox vaxt qapı və pəncərələri bağlı saxlayır. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda, mənzillərdə dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur”. İ.İslamov bildirib ki, quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı, təhlükəsizlik qurğularının saz vəziyyətdə olmasına nəzarət edilməlidir. Mənzildə soba və suqızdırıcılar quraşdırılarkən mütləq yerli qaz idarələrinin mütəxəssisləri ilə razılaşdırılmalı və onların məsləhətlərinə əməl olunmalıdır. Ümumiyyətlə, qış mövsümü başlamazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü boruları təmizlənməlidir. Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində hər kəs ehtiyatlı, diqqətli olmalıdır. Mənzilə daxil olarkən qazın sızmadığına tam əmin olmamış işığı yandırmaq, elektrik avadanlıqlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz”, – deyə İ.İslamov qeyd edib.

Regionlar 2020-02-19 16:37:00