×
A
A
A
Sazlamalar

Kəngərli rayonunda idmanın daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait var

Kəngərli, 19 fevral, AZƏRTAC

Muxtar respublikanın ən gənc rayonu olan Kəngərlidə idmanın daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait var. Hazırda rayonda şahmat məktəbi, uşaq-gənclər idman məktəbi, mərkəzi stadion, süni örtüklü mini futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları idmanla məşğul olanların istifadəsindədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov deyib. Göstərilən dövlət qayğısı nəticəsində bölgədə bədən tərbiyəsi və idmanın inkişafı üçün ən müasir şəraitin yaradıldığını vurğulayan icra başçısı bildirib ki, bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda rayonun Qabıllı kəndində yeni süni örtüklü mini futbol meydançası tikilir.
Qeyd olunub ki, rayonun Gənclər və İdman İdarəsi və idman federasiyalarının rayon bölmələri idman növlərinin inkişaf etdirilməsi, uşaq və gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməlidir. Gənclər və İdman İdarəsi uşaq-gənclər şahmat məktəbi və idman federasiyalarının rayon bölmələri ilə birgə oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasında, həmçinin 2020-ci ildə Naxçıvan şəhərində keçiriləcək “İdman festivalı”nda idmançıların iştirakını təmin etməlidir. Şərur Olimpiya İdman Kompleksində idmanın üzgüçülük və digər növləri üçün yaradılan şəraitdən istifadə olunmalı, uşaq və gənclər üzgüçülüyə cəlb edilməlidir.
Məruzə ətrafında çıxış edən Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynzadə, Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Kəngərli Rayon uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə görülən işlərdən söz açıblar.
Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçilərə və idmançılara qiymətli hədiyyələr təqdim olunub.

Regionlar 2020-02-19 12:27:00