×
A
A
A
Sazlamalar

Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalıb

Lənkəran, 18 fevral, Bağır Əliyev, AZƏRTAC

Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Boladi kənd məscidində “Mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Mövzu ilə bağlı çıxış edənlər xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının və gənclər arasında təbliğinin vacibliyi vurğulayıblar. Dini dəyərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edən natiqlər, bu baxımdan din xadimləri və dindarların üzərinə mühüm vəzifələrin düşdüyünü diqqətə çatdırıblar.
Çıxışlarda qeyd olunub ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulub. Ulu Öndər milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, bir sözlə, dünyada gərginlik artdığı bir zamanda Azərbaycan sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2020-02-18 13:36:00