×
A
A
A
Sazlamalar

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımı ilə bağlı kitab sərgisi açılıb

Naxçıvan, 14 fevral, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar sərgi açılıb.
Akademiyanın Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərgidə tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilir.
Bura “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Türkün Xocalı soyqırımı”, “Xocalı şahidləri danışır”, “Qarabağ həqiqətləri”, “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar”, “Erməni terroru”, “Dağlıq Qarabağın tarixindən sənədlər” və digər bu qəbildən olan kitablar daxildir.
Bu dəhşətli hadisəyə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən qəzet, jurnal və toplu məqalələri sərgidə təqdim olunur.
Qeyd edək ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Əsrin faciəsi: Xocalı” mövzusunda interaktiv açıq dərsin, o cümlədən “Erməni vandalizminin acı üzü: Xocalı soyqırımı” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulub.

Regionlar 2020-02-14 16:08:00