×
A
A
A
Sazlamalar

Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir

Bakı, 23 yanvar, AZƏRTAC
Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başlayıb. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən Foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunur. Forum, həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirib. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Davosda hər il yüksək səviyyədə təmsil olunan Azərbaycanın bu dəfə də Forumun iştirakçıları sırasında olduğunu bildirən V.Rəhimzadə deyib: “Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın siyasi və iqtisadi elitalarının ən tanınmış nümayəndələri ilə görüşlər keçirir, Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində indiyədək müxtəlif görüşlər keçirib, sessiyalarda iştirak edib. “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Pakistanın Baş Naziri İmran Xan, OPEC-in baş katibi Məhəmməd Barkindo, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, Polşa Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, İsveçrə Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb. Dövlətimizin başçısı, eyni zamanda, Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” və “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzularında iclaslarda iştirak edib. Görüşlərdə qeyd olunub ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşmasına yeni layihələrin həyata keçirilməsinə gözəl zəmin yaradır”.
Forum çərçivəsində aparılan müzakirələrin nəticələrinin Azərbaycanın uğurlarının və inkişafının davamlı olduğunu bir daha sübut etdiyini deyən “İki sahil” qəzetinin baş redaktoru bildirib: “Bir daha vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Davosda belə yüksəksəviyyəli, səmərəli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan böyük maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan riskli ölkə deyil, əksinə, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”.
“Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, söylənilən fikirlər dünyanın siyasi və iqtisadi elitasının ölkəmizə olan marağını ortaya qoyur və bu fakt son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın dünya dövlətləri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini bir daha sübuta yetirir”, - deyən V.Rəhimzadə əlavə edib ki, Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsi və nümunə göstərilməsi xüsusilə qürurverici hadisə kimi qiymətləndirilməlidir. Bu da onu göstərir ki, Azərbaycan dünyada ciddi və qüdrətli bir dövlət kimi qəbul edilməkdədir.

Siyasət 2020-01-23 16:29:00