×
A
A
A
Sazlamalar

Muxtar respublikanın bütün rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.

Şərur rayonu

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şərur rayonunun sakinləri rayon mərkəzindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarlarına tər qərənfillər düzüblər.

Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilib.
XX əsrin təlatümlü 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Azərbaycanda genişlənən xalq hərəkatını boğmaq üçün müxtəlif planlar hazırlayan imperiya bu planlarına Naxçıvandan başlayıb. Bunun üçün 1990-cı ilin yanvarında ermənilərin Naxçıvan ərazisinə hücumu təşkil edilib. Muxtar respublikanın müxtəlif bölgələrində ilk şəhid məzarları qazılıb. Polis kapitanı, sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Məhərrəm Seyidov, böyük şücaət göstərən Mirhəşim Seyidov yüzlərlə insanın iştirakı ilə dəfn ediliblər. Lakin Naxçıvan əhalisi işğalçılara qətiyyətli müqavimətini davam etdirib, onların muxtar respublikaya soxulmaq cəhdlərinin qarşısı alınıb.
Həmin vaxt imperiya qoşunları respublikanın paytaxtı Bakı şəhərində də qanlı faciələr törədiblər. Dörd tərəfdən şəhərə hücum edən ağır texnika və əsgərlər insanlara atəş açıb, dinc əhali amansızcasına qətlə yetirilib.

Babək rayonu

Yanvarın 20-də Babək rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə gül-çiçək düzüblər.

Xalqımız həmin gün 20 Yanvar hadisələrinin beynəlxalq səviyyədə əsl qətliam kimi tanınmasında, faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsində əvəzsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin də əziz xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar faciəsi şərəf və qürur, qeyrət və qəhrəmanlıq tariximizdir. Aradan 30 il keçməsinə baxmayaraq, xalqımız həmin tarixi böyük qürur hissi ilə xatırlayır. Müstəqilliyimiz, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda 50-dən çox babəkli şəhid olub. Bu qəhrəman Vətən övladlarının xatirəsi dövlətimiz tərəfindən hər zaman uca tutulur, şəhid ailələrinə hərtərəfli qayğı göstərilir. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Babək rayonundakı şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını itirmiş şəxslərə avtomobil və mənzillərin verilməsi də deyilənlərə bariz nümunədir.

Ordubad rayonu

Ordubad rayonu Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda 47 şəhid verib. Uzun illər keçsə də, rayon sakinləri qəhrəman Vətən övladlarını unutmur, onların xatirəsini müxtəlif tədbirlərlə yad edirlər.

20 Yanvar hadisəsi zamanı Ordubad rayonunda doğulub boya-başa çatmış və Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan 19 yaşlı Rahim Babayev də qəhrəmanlıqla şəhid olub.
Yanvarın 20-də muxtar respublikanın hər yerində olduğu kimi, Ordubad şəhərindəki Şəhidlər xiyabanında da 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Ordubad şəhərindəki Şəhidlər xiyabanına gələrək onların xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Culfa rayonu

Hər il olduğu kimi, bu il də 20 Yanvar – Ümumxalq Hüzn Günündə muxtar respublikanın hər yerində olduğu kimi, Culfa rayonunda da Vətən və xalq yolunda həlak olan şəhidlərin xatirəsi dərin ehtiramla anılıb.

Sakinlər şəhidlərin əziz xatirəsini yad etmək üçün rayon mərkəzində – Heydər Əliyev prospektində yerləşən Şəhidlər Abidə Kompleksinə gəlib, abidə önünə tər qərənfillər düzüb, öz ehtiramlarını bildiriblər.
Vətən naminə, dövlət müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi Naxçıvan Muxtar Respublikasının hər yerində daim əziz tutulur, onların adlarının əbədiləşdirilməsi, keçdikləri şanlı döyüş yolunun təbliği, ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Böyük amallar uğrunda canlarından keçən, 20 Yanvar şəhidləri culfalıların da yaddaşında əbədi yaşayır.

Kəngərli rayonu

Xalqımızın tarixinə qəhrəmanlıq günü kimi yazılmış 20 Yanvar faciəsinin 30-cu ildönümü Kəngərli rayonunda da qeyd olunub. Yanvarın 20-də rayon sakinləri Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onları dərin ehtiramla yad edib, abidə önünə tər çiçəklər düzüblər.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Kəngərli rayonundan da 36 nəfər şəhidlik zirvəsinə ucalıb.
Kəngərli sakinləri söhbət zamanı qeyd ediblər ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən verilib. Məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisəsi sovet imperiyasının Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi qiymətləndirilib. Dahi şəxsiyyətin göstərişi ilə həyata keçirilən tədbirlər nəticəsində şəhid məzarları müqəddəs ziyarətgahlara çevrilib, şəhid adlarının əbədiləşdirilməsi üçün konkret işlər görülüb. Dövlət başçısının fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib, şəhid ailələri dövlət qayğısı ilə tam əhatə olunub.
Heydər Əliyev siyasətini ardıcıllıqla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, faciə zamanı sağlamlıq imkanlarını itirənlərin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib.

Şahbuz rayonu

20 Yanvar günü Şahbuz rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və sakinlər faciə qurbanlarına ehtiramlarını bildirərək anım tədbirində iştirak edib, Şahbuz şəhərindəki Şəhidlər Abidə Kompleksindəki abidə önünə tər qərənfillər düzüblər.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın suverenliyi uğrunda apardığı mübarizənin şərəf tarixidir.
Bu faciə, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Sədərək rayonu

20 Yanvar faciəsinin 30-cu ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.

1989-cu ilin dekabr ayında muxtar respublikada sərhəd dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən saat 11-dən etibarən intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulub, kənddə ilk şəhidlər verilmişdi.
Ümumilikdə, mənfur ermənilər 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikanın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.

Regionlar 2020-01-21 11:40:00