×
A
A
A
Sazlamalar

Xalqın azadlıq arzusunun, müstəqillik istəyinin qarşısını heç nə kəsə bilməz

Bakı, 20 yanvar, AZƏRTAC

Üstündən 30 il keçsə də, qanlı şənbə gecəsi Bakı küçələrində gurlayan topların, tankların səsi, sinəsi gülləyə nişangah olan gənclərin və uşaqların, günahsız adamların harayı hələ qulaqlardan getməyib. Hər dəfə həmin gecəyə şahidlik edən küçə və meydanlardan adlayanda, qan dənizinə dönən yollardan keçəndə, gülləbaran edilən evlərin, binaların qarşısından ötəndə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin dəhşətləri yada düşür. İllər bizi həmin hadisələrdən nə qədər uzaqlaşdırsa da, günahsız qurbanların gülləyə tuş gələn taleyinə acıyırıq, qəlbimiz qan ağlayır, gözümüzdə yaş gilələnir...
Yanvarın 20-də müqəddəs Şəhidlər xiyabanının ziyarətçilərindən olan paytaxt sakini, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Aybəniz Əliyeva AZƏRTAC-a verdiyi müsahibədə həmin hadisələri xatırlayaraq deyib: “Qanlı Yanvar gecəsi paytaxt küçələrində törədilən vəhşiliklər, dinc və əliyalın sakinlərə qarşı silah tətbiq edilməsi ağlasığmaz idi. Əslində öz ölkəsinin vətəndaşlarının əmin-amanlığını qorumalı olan ordu onun qatilinə çevrilmişdi. O gecə tank, zirehli texnika və topların səsindən qulaq tutulurdu. Küçə, səki və meydanlar şəhidlərin qan izləri ilə dolu idi. Başı kaskalı, əli avtomatlı sovet əsgərləri hara gəldi güllə yağdırırdılar. Xəstəxanalar, tibb ocaqları yaralı sakinlərlə dolu idi, işıqlar yanmadığından, elektrik xətləri kəsildiyindən onlara yardım etmək, yaralılar üzərində əməliyyat aparmaq da müşkülə çevrilmişdi...”.
O, söhbətinə davam edərək deyib: “O gecə Bakı şəhəri çox böyük məhrumiyyətlərlə üzləşsə də, sübut etdi ki, xalqın azadlıq arzusunun, müstəqillik istəyinin qarşısını heç nə kəsə bilməz. Gurlayan toplar, şaqqıldayan avtomatlar, açılan güllələr və bunun nəticəsində yaranan qan dənizi də haqq davasının qarşısında acizdir. Həmin gecədən başlanan yol xalqımızı öz istəyinə qovuşdurdu. 20 Yanvar hadisələrinin əbədiliyi, müqəddəsliyi də elə bu istəyin gerçəyə çevrilməsi ilə bağlıdır”.

Qan yaddaşı 2020-01-20 19:07:00