×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi xalqımızın bütün dünyaya öz cəsarətini, fədakarlığını, mübarizliyini nümayiş etdirdiyi bir gündür

Bakı, 20 yanvar, AZƏRTAC
Şəhidlər xiyabanında uyuyan qəhrəman oğul və qızlarımızın məzarını ziyarət etməyə Rusiya Federasiyasının Stavropol vilayətindən gəlmişəm. Vətəndən kənarda yaşasam da, şəhidlərimizin xatirəsinə ehtiramımı ifadə etmək üçün müqəddəs and yerimizə gəlməyi özümə borc bildim. Çünki onlar məşum Qanlı Yanvar gecəsində öz canları bahasına tariximizdə yeni səhifə açan vətənpərvər övladlardır. Yanvarın 19-dan 20-nə keçən gecə zirehli tankların qarşısına əliyalın çıxan həmvətənlərimiz hər kəs üçün qeyri-mümkün görünən azadlıq arzusunu öz qanları ilə mümkünə döndərdilər. Təbii ki, o gecə şəhadət şərbətini içib şəhidlik zirvəsinə ucalan mərd övladlarımızı itirdiyimizə görə çox təəssüflənir və kədərlənirik. Eyni zamanda, həmin faciəni böyük qürur və fəxrlə yad edirik. Çünki 20 Yanvar faciəsi xalqımızın bütün dünyaya öz cəsarətini, fədakarlığını, mübarizliyini nümayiş etdirdiyi bir gündür. Ona görə də xalqımız, dövlətimiz var olduqca nə Qara Yanvar gecəsi, nə də onun qəhrəmanları unudulmayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Stavropolda azərbaycanlıların “Odlar yurdu” diaspor təşkilatının prezidenti Fəxrəddin Yarıyev deyib.
F.Yarıyev 20 Yanvar hadisələrinə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini xatırladıb.
O, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının tariximizin qanlı və şanlı günləri ilə bağlı tədbirlər keçirdiyini və həmin ölkələrin nümayəndələrini xalqımızın başına gətirilən faciələrlə tanış etdiyini bildirib.

Qan yaddaşı 2020-01-20 18:15:00