×
A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə yanvarın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Komissiyanın 11 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiya tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiya qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxıb. Ərizəçilərin və maraqlı subyektlərin birbaşa iştirakı ilə müraciətlər geniş müzakirə edildikdən sonra namizədin qeydə alınmasından imtina olunmasına dair müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək, öz təşəbbüsü ilə seçkilərə qatılan daha bir şəxsin namizədliyi MSK tərəfindən qeydə alınıb.
Beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

 

Siyasət 2020-01-19 22:42:00