×
A
A
A
Sazlamalar

MSK Sumqayıt və Abşeron üzrə seçki dairələrin üzvləri və ekspertləri üçün seminar keçirib

Sumqayıt, 18 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası yanvarın 18-də Sumqayıt Dövlət Dram Teatrın konfrans zalında seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Sumqayıt və Abşeron rayonun ərazisində fəaliyyət göstərən dairə seçki komissiyaların üzvləri və ekspertləri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda, Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova isə “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Açıq dialoq və maraqlı diskussiya formatında keçən seminarın praktiki hissəsində seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər əyani vəsaitlərlə ətraflı şəkildə izah edilib. Həmçinin, müxtəlif şikayət nümunələri təhlil edilib, müvafiq seçki komissiyalarının həmin şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi (kazuslar üzrə) interaktiv şəkildə müzakirə olunub.
Mərkəzi Seçki Komissiyasının katibləri iştirakçıların suallarını cavablandırıblar.

Regionlar 2020-01-18 14:57:00