×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılacaq

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 28-də Xətai Sənət Mərkəzində “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılacaq. Sərgidə layihəsinin əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, sərgi zamanı məktəblilər çəkdikləri rəsm əsərlərini və hazırladıqları maketləri nümayiş etdirəcəklər. Layihənin 3 illiyinə həsr olunan sərgidə üç yer uğrunda mübarizə aparılacaq. Qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşəcək. Qalib məktəblilər müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılacaq.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

İncəsənət 2019-12-27 03:15:00