×
A
A
A
Sazlamalar

Gəncədə "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Gəncədə "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov mövzunun əhəmiyyətinə toxunub. O, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan H.Məmmədov vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin təbliğinin, eyni zamanda, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib. Sədr müavini Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib. O qeyd edib ki, əhalisinin çox hissəsini müsəlmanların təşkil etdiyi ölkəmizdə digər dinlərin nümayəndələrinin də öz dini tələbatlarını ödəmələri, azad şəkildə ibadət etmələri, ayin və mərasimlərini icra etmələri üçün sərbəst mühit yaradılıb.
G.İsmayılov vurğulayıb ki, gənclərdən əsas gözlənti yüksək səviyyədə dünyəvi təhsilə yiyələnmələridir. Bununla bərabər, məktəblilərin radikal dini cərəyanların təsirlərindən qorunmaları, ilkin dini bilgiləri etibarlı mənbələrdən öyrənmələri məqsədi ilə “Həyat bilgisi” fənni tərkibində sistemli şəkildə dini informasiya verilməsi olduqca faydalıdır.
Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Din 2019-12-16 18:51:00