×
A
A
A
Sazlamalar

Taleh Yəhyayev: “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerasında Nəsimi obrazını canlandıracağam

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 27-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin Nəsimiyə həsr olunan “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerası olacaq. Tamaşanın premyerasında Nəsimi obrazını ilk dəfə olaraq beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev canlandıracaq.
AZƏRTAC Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mətbuat xidmətinin əməkdaşı, musiqişünas Ofelya İsgəndərovanın gənc yaşlarından çoxsaylı uğurlara imza atan, böyük səhnələrdə musiqi mədəniyyətimizi təbliğ edən, Heydər Əliyev Fondunun “Gənclər mükafatı”nın “Ən gənc opera ifaçısı” xüsusi adına layiq görülən, beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayevlə olan müsahibəsini təqdim edir.
- Taleh bəy, özünüz və fəaliyyətiniz barədə məlumat verərdiniz.
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunuyam. Akademiyada “Solo oxuma və opera hazırlığı” kafedrasının dosenti Sevda Məmmədovanın sinfini bitirmişəm. Xalq artistləri Fidan və Xuraman Qasımovalardan, Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelene Obratsova, Karneliya fon Korsanburq, Teymuraz Quqişvili, Larisa Borisovna, Lyuba Stuçevskaya kimi tanınmış pedaqoq və professorlardan ustad dərsləri almışam. Bir çox xarici ölkələrdə - Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Rusiya, Çexiya və Qazaxıstanda keçirilən festivallarda, müsabiqələrdə tanınmış dirijorlarla birgə çıxış edərək iki qızıl medal qazanmışam. 2015-ci ildə Yunanıstanda “Carlos Almaran” adına keçirilən Beynəlxalq müsabiqədə “Qran-Pri” mükafatına layiq görülmüşəm. Həmçinin “Üzeyir Hacıbəyli”, “Mstislav Rostropoviç”, “Qəbələ”, “İpək yolu” və digər beynəlxalq musiqi festivallarının daimi iştirakçısıyam. 2016-cı ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ən gənc solistiyəm.
- Böyük uğurlara imza atmış gənc ifaçı kimi hansı operalarda çıxış etmisiniz?
- Repertuarım zəngindir. Belə ki, Ü.Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib”, F.Əmirovun “Sevil”, R.Mustafayevin “Vaqif”, C.Cahangirovun “Xanəndənin taleyi”, G.Puççini “Manon Lesko”, P.Maskaninin “Kənd namusu” operalarında ifa etmişəm.
- Bəs ifa etmək arzusunda olduğunuz opera hansıdır?
- C.Verdinin “Riqoletta” operası... Amma yaşım az olduğu üçün düşünürəm ki, bu operanı ifa etmək mənim üçün hələ tezdir.
- Bəyəndiyiniz vokal ifaçı kimdir? Ən çox kimi dinləyirsiniz?
- Bir neçə vokal ifaçılarının adlarını çəkə bilərəm ki, onların ifalarını tez-tez dinləyirəm. Onlar Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Renato Brusson, George Zankanaro, Yelena Obratsovadır.
- Ən çox sevdiyiniz opera bəstəkarı kimdir?
- Ü.Hacıbəyli, F.Əmirov, V.A.Motsart, C.Verdi, P.Maskani ən çox sevdiyim opera bəstəkarlarıdırlar.
- Bu yaxınlarda “Trubadur” operası səhnəyə qoyulmuşdu. Hansı obrazı canlandırırdınız?
- Görkəmli İtalyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operası bəstəkarın 29 günə yazdığı məşhur bir əsərdir. 4 pərdəli bu operanın librettosunu Salvatore Kammarano tanınmış ispan dramaturqu Antonio Qarsia Quterresin eyniadlı əsəri əsasında yazıb. Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulan “Trubadur” operasının dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru Hafiz Quliyev idi. Bu operada mən Qraf di Luna obrazını canlandırırdım. Qeyd edim ki, bu obrazı canlandıran ən gənc ifaçıyam. Buna görə özüm də böyük məsuliyyət hiss edərək bu obraza çox həssaslıqla yanaşdım və düşünürəm ki, öhdəsindən gələ bildim. Daima biz gənclərə böyük dəstəyinə və akademik səhnədə bizə yaratdığı şəraitə görə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikova və bütün işçi heyətinə təşəkkürümü bildirirəm.
- Bu ay baş tutan “Viva Opera” qala konsertində ifa etmişdiniz. Oradakı çıxışınızdan da danışın.
- 2019-cu il dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin “Viva Opera” adlı möhtəşəm qala konserti keçirildi. Mən konsertdə Jorj Bizenin “Karmen” operasından “Eskamilyonun kupletləri”ni ifa etdim. Çox uğurlu və tamaşaçılar tərəfindən maraqla qarşılanan bir konsert oldu. Fidan Hacıyeva, Samir Cəfərov, Fərid Əliyev, İnarə Babayeva kimi tanınmış opera ifaçılarımız ilə bir səhnədə çıxış etmək mənim üçün böyük fəxrdir.
- Səhv etmirəmsə, yaxın gələcəkdə tamaşaçıların qarşısına yeni bir obrazda çıxacaqsınız. Bu hansı əsər və hansı obrazdır?
- Bəli, yeni bir tamaşanın premyerasına hazırlaşırıq. Artıq iki aydır ki, gərgin məşq prosesləri gedir. Məlumdur ki, bu il dahi şair Nəsiminin 650 illiyi ölkəmizdə müxtəlif tədbir və konsertlərlə qeyd olunur. Bu münasibətlə “Nəsimi ili”nin yekunu olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar Firəngiz Əlizadənin Nəsimiyə həsr olunan “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerası olacaq. Qeyd etmək istərdim ki, “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerasında Nəsimi obrazını Azərbaycanda ilk dəfə olaraq mən canlandıracağam. Tamaşanın rejissorluğu isə Mədəniyyət Nazirliyi tərəfindən Rusiyanın Xalq artisti, quruluşçu rejissor, professor Edvald Semirnova həvalə edilib.
Sizə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Mədəniyyət 2019-12-13 17:32:00