×
A
A
A
Sazlamalar

“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Bakı, 12 dekabr, AZƏRTAC

Xətai Sənət Mərkəzi “Nəsimi ili” çərçivəsində elan olunan “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Sərgi Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilirdi.
Bu barədə AZƏRTAC-a məlumat verən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil edilib.
Müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçilib.
Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcək.

İncəsənət 2019-12-12 18:04:00