×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır

Sumqayıt, 10 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

2019-cu il başa çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs Yeni il ab-havasına köklənib.
Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov AZƏRTAC–a bildirib ki, bu il şəhərimiz üçün xüsusilə əlamətdar oldu. Şəhərin 70 illiyi çərçivəsində biri-birindən maraqlı, rəngarəng, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşdi. Nəhayət, dövlətimizin başçısı İlham Əliyev şəhərimizə gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak etdi. Şəhərin sosial-iqtisadi, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırıldı. Qürur duyuruq ki, Prezident İlham Əliyevin şəhər ictimaiyyəti ilə görüşü məhz bizim binada - Sumqayıt Dövlət Dram Teatrında baş tutdu. Həmçinin teatrın bir necə əməkdaşı da dövlətin yüksək mükafatları ilə təltif olunub. Əlbəttə, bütün bunlar yaradıcılıq keyfiyyətinə stimul verir.
“Sumqayıt Dövlət Dram Teatrının kollektivi məhz bu əzm və sevgi ilə fəaliyyətini davam etdirməkdədir”, deyən M.Həmidov dekabr ayının repertuarının yenə də zəngin olduğunu vurğulayıb. Ay ərzində Əli Əmirlinin “20 ildən sonra”, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, Elçinin “Qatil” axşam tamaşaları oynanılacaq. Repertuarda, eyni zamanda, uşaq tamaşaları da yer alır. Bunlar Abdulla Şaiqin “Qaraca qız” və ərəb xalq nağılı əsasında səhnələşdirilən “Əlibaba və 40 quldur” tamaşalarıdır.
Təbii ki, yaradıcı heyətimiz məktəblilərin qış tətilini də yaddan çıxarmayıb. Odur ki, dekabrın 29-dan yanvarın 3-dək səhnəmizi “İlin şahı” adlı Yeni il tamaşası bəzəyəcək. İnanırıq ki, peşəkarlıqla ərsəyə gələn Yeni il tamaşamız balacaların yaddaşında silinməz iz buraxacaq.

 

Regionlar 2019-12-10 05:30:00