×
A
A
A
Sazlamalar

Azərbaycan startapçıları Almaniyada keçiriləcək tədbirdə iştirak edəcəklər

Berlin, 9 dekabr, AZƏRTAC

Dekabrın 11-12-də Almaniyanın Berlin şəhərində startapçılar üçün nəzərdə tutulmuş “TechCrunch Disrupt 2019” tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “TechCrunch Disrupt” öz sahəsində dünyanın aparıcı, nüfuzlu tədbirlərindəndir. Həmçinin dünyanın ən böyük startap tədbiri hesab olunur.
İldə iki dəfə keçirilən bu tədbir yaz sessiyasında Amerikada San-Fransisko şəhərində, payız sessiyasında isə Almaniyanın Berlin şəhərində təşkil edilir.
Bu tədbir ən yaxşı və parlaq startapçıları, investorları, hakerləri və texnologiya həvəskarlarını bir araya gətirir. Tədbir çərçivəsində müxtəlif “Startup Battlefield”, 24 saatlıq açıq Hackathonlar, “Startup Alley”, “Hardware Alley” müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.
Tədbir dünyanın ən böyük startap portalı olan “TechCrunch.com”la yanaşı, dünyanın 200-dən çox mediasında yayımlanır.
“TechCrunch Disrupt 2019” startapçıların investisiya qazanmaları üçün də böyük imkan yaradır. Belə ki, hər il tədbir çərçivəsində investorlarla startapçıların görüşü təşkil olunur.
Bu il keçiriləcək tədbirdə iştirak edəcək startapçıların “UIPath”, “Samsung” və “Naspers” kimi böyük şirkətlərin rəhbərləri ilə, eləcə də “Atomico”, “SoftBank” və “İndeks”in aparıcı investorları ilə görüşmək imkanı olacaq.
Həmçinin adı keçən şirkətlərin rəhbərləri müxtəlif panel müzakirələrində startapçılarla öz uğur hekayələrini və təcrübələrini bölüşəcəklər.
“TechCrunch Disrupt 2019” tədbirində “Startup Battlefield”də iştirak edəcək və qalib gələcək 1 komanda 50 min dollar qazanacaq.
Builki tədbirdə dünyanın müxtəlif ölkələrindən olan startapçılar üçün sərgi də təşkil ediləcək. Bu il ilk dəfə olaraq bu mötəbər tədbirdə Azərbaycan pavilyonu qurulacaq. Pavilyonda Azərbaycandan olan 6 startapçı öz məhsullarını sərgiləyə biləcək.
Bu nüfuzlu beynəlxalq tədbirdə Azərbaycanı "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən "Nextsale", "Botbox", "Qreact", eləcə də "Joopzy", "Wexplain" və "Wandafi" startapçıları təmsil edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Sosial 2019-12-09 20:06:00