×
A
A
A
Sazlamalar

Beynəlxalq tədbirdə Cənubi Qafqazdakı münaqişələrdə korrupsiyanın rolu mövzusunda elmi iş müdafiə olunub

Vyana, 7 dekabr, AZƏRTAC 

Korrupsiyaya qarşı mübarizə üzrə peşəkar kadrların hazırlanması, təkmilləşdirilməsi və elmi araşdırmaların aparılması üzrə dünyada ilk təhsil ocağı olan Avstriyanın nüfuzlu Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Laksenburq şəhərindəki mənzil-qərargahında 2017-2019-cu illəri əhatə edən “Master of Anticorruption Studies” (MACS) proqramını bitirmiş məzunların növbəti buraxılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Avstriyanın Federal Daxili İşlər naziri Volfqanq Peşorn, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin (UNODC), beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin və Avstriya hökumətinin yüksək vəzifəli şəxsləri iştirak ediblər. ABŞ, Kanada, Meksika, Braziliya, Avstriya, Çin, Hindistan və dünyanın digər 16 ölkəsindən olan 24 tələbə arasında üç azərbaycanlı - Elvin Əliyev, İsfəndiyar Hacıyev və Vüqar Əhmədli də həmin proqramı uğurla başa vuraraq məzunlar sırasında yer alıblar.
Qeyd edək ki, 2017-2019-cu illəri əhatə edən MACS proqramı ölkəmiz üçün xüsusilə əhəmiyyətli olub. Belə ki, bu il müdafiə olunan elmi işlər arasında tarixdə ilk dəfə olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi korrupsiya cinayətləri kontekstində elmi əsaslarla araşdırılıb. IACA-nın azərbaycanlı tələbəsi Elvin Əliyev tərəfindən müdafiə olunmuş “Korrupsiya Cənubi Qafqazda silahlı münaqişələrin həllinə maneə kimi: Dağlıq Qarabağ işi” adlı elmi iş çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasında və status-kvonun saxlanılmasında maraqlı olan separatçı rejimin əsas motivasiyasının işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-leqal gəlirləri olduğu elmi əsaslar və arqumentlərlə sübut edilib. Araşdırma çərçivəsində, həmçinin Dağlıq Qarabağ münaqişəsinin başlanmasında iştirak etmiş, sonradan Ermənistanda və qondarma “Dağlıq Qarabağ Respublikası”nda yüksək vəzifələr tutmuş şəxslərlə bağlı olan konkret korrupsiya cinayətləri geniş araşdırılıb.
Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin Narkotiklərə və Cinayətkarlığa Qarşı Mübarizə Ofisi (UNODC), Avstriya Respublikası, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi (OLAF) və digər maraqlı tərəflərin birgə təşəbbüsü ilə təsis edilib. IACA antikorrupsiya sahəsində bilik və təcrübələrlə bağlı mövcud çatışmazlıqların aradan qaldırılması məqsədini daşıyan ilk təşkilatdır. Bu funksiyanı həyata keçirmək məqsədilə Akademiya antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkələşmə və əməkdaşlıq, eləcə də akademik araşdırma sahəsində müstəqil mərkəz kimi fəaliyyət göstərir.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Sosial 2019-12-07 17:00:00