×
A
A
A
Sazlamalar

Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 21-22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan Şəhər İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov vurğulayıb ki, dünyada din amilindən siyasi vasitə kimi istifadə olunur. Onun sözlərinə görə, insanlara, xüsusilə gənclərə dinlə bağlı əsl həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır. O, eyni zamanda, Şəkidə dini durumun sabit olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı müstəqil respublikamızın qazandığı uğurların ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirərək qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırılıb, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. DQİDK sədrinin birinci müavininin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerant, multikultural mühit hökm sürür. Səyyad Salahlı onu da bildirib ki, respublikamız çox konfessiyalı bir ölkədir və Azərbaycanda müxtəlif dini və mədəni abidələr mövcuddur.
Azərbaycanda dinin dövlətdən ayrı olduğunu diqqətə çatdıran Səyyad Salahlı deyib ki, ölkə əhalisinin təxminən 96 faizi İslam dininə etiqad etsə də, respublikamız dünyəvi bir dövlətdir. “Vətənini, millətini sevən hər bir vətəndaş, o cümlədən dindarlar onun qanunlarına da hörmətlə yanaşmalı, qanundan irəli gələn prinsiplərə riayət etməlidir”, - deyə sədrin birinci müavini bildirib. O vurğulayıb ki, dini etiqad hüquq pozuntusuna bəraət qazandırmır.
Dini radikalizmə mübarizə, dini maarifləndirmə tədbirlərindən də danışan Səyyad Salahlı din xadimlərini radikalizm və ekstremizmlə mübarizədə, həmçinin ictimai həyatda fəallıq nümayiş etdirməyə çağırıb.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev və başqaları çıxış edərək bildiriblər ki, mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması çox aktualdır. Vurğulanıb ki, bu dəyərlərin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Üfüqdəki gələcək” filminin də nümayiş etdirildiyi ikigünlük seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Din 2019-11-22 16:44:00