×
A
A
A
Sazlamalar

İndiyədək iki mindən çox məhkuma elektron qolbaq tətbiq edilib

Bakı, 22 noyabr, AZƏRTAC 

Azərbaycan Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz bəhrəsini verir. Artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun mətbuatda dərc olunan “Azərbaycan ədliyyəsinin müasir inkişaf dövrü” mövzusundakı məqaləsində qeyd edilib.
Nazir bildirib ki, ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib. İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb. Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Bu günədək 2 mindən artıq məhkuma elektron qolbaqlar tətbiq edilib. Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla isə dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrinə bütövlükdə 400-ə yaxın dəyişikliyin edilməsi, o cümlədən bir çox əməllərin dekriminallaşdırılması, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı qanun layihələri hazırlanıb. Fərmanda mühüm yeniliklərdən biri də ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin yaradılması, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsidir. Bununla bağlı qanunvericilik və qabaqcıl təcrübələr nəzərdən keçirilib, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi iştirakçılarının ekspertizanın aparılması ilə bağlı hüquqlarının genişləndirilməsi və digər məsələlərə dair layihələr hazırlanıb. Milli Məclisin müzakirəsində olan həmin layihələrə əsasən ölkəmizdə yeni özəl məhkəmə ekspertizası institutu yaradılır və bu fəaliyyətlə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Həmçinin mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə bilməsi və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim etməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq ekspert araşdırmalarının keyfiyyətinin və operativliyinin, iqtisad ekspertizaları sahəsində işin səmərəliliyinin artırılması məqsədilə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin strukturu təkmilləşdirilib, ştat sayı artırılıb, ekspertiza fəaliyyətinə əlçatanlığın asanlaşdırılması, yerli məhkəmə və hüquq-mühafizə orqanlarına köməklik məqsədilə Mərkəzin əlavə yeni - Lənkəran regional bölməsi yaradılıb.
Vurğulanıb ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən cari ildə 41 ekspert ixtisası üzrə 24 minədək iş icra edilib və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faizinin həllinə nail olublar.

Sosial 2019-11-22 13:15:00