×
A
A
A
Sazlamalar

Quba-Qusar–Xaçmaz və Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiya məktəblilərdə zəngin təəssürat doğuracaq

Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər noyabrın 18-də Qubada qarşılanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdaş, Göyçay, Zərdab, Ağsu və Qobustan məktəblərindən 380-dən çox yuxarı sinif şagirdi iştirak edir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Quba-Qusar-Xaçmaz bölgəsində son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına, “ABAD Factory” İstehsalat Kompleksinə ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq.
Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları noyabrın 21-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.

X X X

Qusar, Quba, Şabran, paytaxtın Pirallahı, Sabunçu, Suraxanı, Nizami, Səbail və Yasamal rayonlarından olan məktəblilər isə dörd gün ərzində Gəncə, Şəmkir və Göygölün tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olacaqlar.
Noyabrın 18-dən 21-dək davam edəcək budəfəki tur-aksiyada məktəblilər Quba-Qusar–Xaçmaz və Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyadan zəngin təəssürat əldə edəcəklər.

 

Regionlar 2019-11-18 20:10:00