×
A
A
A
Sazlamalar

Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbiri açaraq bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinin hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atılıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin tam qarşılıqlı anlaşma və milli həmrəylik şəraitində yaşamaları üçün hər cür şərait var.
Sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov deyib: “Dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr təşkil edir. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın əhəmiyyəti olduqca vacibdir”.
Respublikamızda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradıldığını bildirən S.Heydərov dövlətin vicdan azadlığının təminatçısı olduğunu söyləyib. Qeyd olunub ki, tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda bütün dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərir, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirirlər. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Komitə rəsmisi belə parlaq nümunələrdən birinin Qarabağ müharibəsi zamanı şücaət göstərən yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun olduğunu deyib və keçən həftə Bakıda onun şərəfinə ucaldılan heykəlin açılışının olduğunu xatırladıb.
Sədr müavini vurğulayıb ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasəti dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Sülh və tolerantlıq mesajları ilə də yadda qalan Dünya dini liderlərinin II Bakı Sammiti humanist missiya ilə qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanın bir daha vacib tərəfdaş olduğunu nümayiş etdirir.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman İbayev dövlətin dinə və dindarlara qayğısından danışıb, göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Konfrans müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı ölkəmizə xas olan tolerantlıq təcrübəsi, bu sahədə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə yekunlaşıb.

Din 2019-11-18 17:02:00