×
A
A
A
Sazlamalar

Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır

Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan yəhudilərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə Yeşiva Universiteti Yakob Sefard Tədqiqatlar İnstitutunun direktoru Eliy Abadi, Türkiyə və Almaniyanın baş ravvinləri İshaq Haleva və Hain Yidşaq Etherberq, Macarıstan Yəhudiləri Assosiasiyası prezidentinin şəxsi nümayəndəsi Akos Naqi, və İsraildən olan jurnalist Elyana Rose Rude daxildir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı qonaqları ölkəmizdə görməkdən, dinlərarası dialoq mövzusunda çox önəmli və mötəbər tədbirdə iştirak etmələrindən məmnunluğunu ifadə edib.
Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verən Komitə sədri bildirib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Bu ənənə müasir zamanda nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Azərbaycanın dövlət müstəqilliyindən sonra bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Respublikada digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün lazımi şərait olduğunu qeyd edən Mübariz Qurbanlı ölkəmizdə 7 sinaqoqun olduğunu, Dağ, Avropa və Gürcü yəhudi icmalarının, yəhudi məktəbinin fəaliyyət göstərdiyini deyib.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini diqqətə çatdıran DQİDK sədri Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin sırasında da yəhudilərin olduğunu, Qarabağda erməni işğalına qarşı döyüşlərdə iştirak edən və şəhid olan Azərbaycan vətəndaşı Albert Aqarunovun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü vurğulayıb. O, Milli qəhrəmanın adını daşıyan küçədə Albert Aqarunovun şərəfinə abidə ucaldığını və abidənin noyabrın 15-də açılışı olacağını da diqqətə çatdırıb.
Ölkəmizə səfərindən, buradakı müşahidələrindən məmnunluq ifadə edən Yeşiva Universiteti Yakob Sefard Tədqiqatlar İnstitutunun direktoru Eliy Abadi bildirib ki, Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Azərbaycanın bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edilir. O, ölkəmizdə yəhudi icmasının fəaliyyəti, digər konfessiyalarla əməkdaşlığın hər zaman diqqət mərkəzində olmasını yüksək dəyərləndirib.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşün sonunda qonaqlar səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

Din 2019-11-13 15:20:00