×
A
A
A
Sazlamalar

Azərbaycan-Keniya münasibətlərin perspektivlərinə dair müzakirələr aparılıb

Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Keniyanın Xarici İşlər nazirinin müavini Ababu Namvambanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin zəruriliyini bildirib.
Öz növbəsində, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən A.Namvamba sədrliyimiz dövründə Keniyanın ölkəmizin səylərini dəstəkləyəcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında keniyalı diplomatı məlumatlandıran nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin hələ də icra olunmadığını və beynəlxalq hüququn əsas prinsiplərinə bütün üzv dövlətlər tərəfindən hörmət olunmasının vacibliyini xüsusilə qeyd edib.
Tərəflər, həmçinin ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Siyasət 2019-10-23 18:00:00