×
A
A
A
Sazlamalar

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 40 milyon manatı ötüb

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyərək 40 milyon 798 min 900 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi xidmətlərin 81,8 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb.
2019-cu ilin 9 ayında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, 3 poçt binası yaradılıb, 3 avtomat telefon stansiyası quraşdırılıb. Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilir. Bununla yanaşı, ötən dövrdə muxtar respublikada elektron statistikanın inkişafı və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatı hazırlanıb.

Regionlar 2019-10-23 15:52:00