×
A
A
A
Sazlamalar

“AmCham Azərbaycan” üzvləri üçün Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla görüş təşkil edib

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun iştirakı ilə görüş təşkil edib. Görüşdə Ş.Mövsümov bu sahədə görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.
“AmCham Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə “AmCham”ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.
Ş.Mövsümov ilk olaraq Neft Fondunun missiyası və məqsədləri barədə danışıb. O, qeyd edib ki, ARDNF-in missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. O, həmçinin qeyd edib ki, ARDNF-in əsas vəzifələri ölkədə makro iqtisadi sabitliyin qorunması, tükənən təbii sərvətlərdən əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması, o cümlədən ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir.
O, çıxışında Neft Fondunun idarəetmə strukturu və hüquqi bazası məsələlərinə də toxunub. Bununla yanaşı, təqdimat çərçivəsində ARDNF-in fəaliyyəti boyunca ölkə iqtisadiyyatına və dövlət büdcəsinə töhfələri də işıqlandırılıb. Ş.Mövsümov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Star” neft emalı zavodu, Cənubi Qaz Dəhlizi, Samur-Abşeron su kanalının yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kanalının tikintisi, və fond tərəfindən maliyyələşdirilən digər yerli və xarici layihələr barədə də iştirakçıları məlumatlandırıb.
İcraçı direktor ARDNF-in investisiya portfoliosu barədə də ətraflı məlumat verib. Qeyd edib ki, Neft Fondunun aktivlərinin həcmi təxminən 42,5 milyard dollara yaxınlaşır: “Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar görüşləri palata tərəfindən hər ay təşkil olunur və burada yüksəkvəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
“AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Neft - qaz 2019-10-23 12:32:00