×
A
A
A
Sazlamalar

Vaşinqtonda Beynəlxalq Astronavtika Konqresi keçirilir

Bakı, 21 oktyabr, AZƏRTAC 

Dünyanın müxtəlif ölkələrindən gəlmiş raket-kosmos sahəsi üzrə 4 mindən çox mütəxəssis Vaşinqtonda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir. AZƏRTAC spacenews.com saytına istinadla xəbər verir ki, oktyabrın 21-dən 24-dək keçirilən 70 illik yubiley tədbirinin son günündə ABŞ-ın vitse-prezidenti Mayk Pensin çıxışı gözlənilir.
Konqresin təşkilatçıları qismində Beynəlxalq Astronavtika Federasiyası və Amerika Aeronavtika və Astronavtika İnstitutu çıxış edirlər. Tədbirdə kosmos sahəsində aktual problemlər və inkişaf perspektivləri müzakirə olunur. Konqres çərçivəsində 7 panel sessiyası, 181 texniki sessiya və 2 min interaktiv təqdimat keçiriləcək.
Çıxışçılar arasında NASA-nın direktoru Cim Braydenstayn, Kanada Kosmik Agentliyinin prezidenti Silven Laport, Avropa Kosmik Agentliyinin baş direktoru Yan Verner, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin rəhbəri Hirosi Yamakava, Çinin Milli Kosmik İdarəsinin direktor müavini U Yanhua və başqaları var.
Qeyd olunur ki, konqres çərçivəsində Qlobal Şəbəkə Forumu da təşkil ediləcək. Burada dünyanın müxtəlif institutlarında kosmik tədqiqatlar sahəsində aparılan elmi araşdırmalar müzakirə olunacaq. Bundan başqa, kosmik tədqiqatlar və raket texnologiyası sahələrində fəaliyyət göstərən özəl şirkətlərin rəhbərləri də öz layihələrini təqdim edəcəklər. Bu çərçivədə milyarder Ceff Bezosa kosmos sahəsində xidmətlərinə görə Beynəlxalq Astronavtika Federasiyasının xüsusi mükafatı da təqdim ediləcək.

Dünya 2019-10-21 14:38:00