×
A
A
A
Sazlamalar

NHK telekanalı: Yaponların 70 faizi İmperator ailəsini özünə yaxın hesab edir

Tokio, 21 oktyabr, AZƏRTAC
Yaponiyanın NHK telekanalının apardığı sorğunun nəticələrinə görə, əhalinin böyük əksəriyyəti İmperator ailəsini özünə yaxın hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalının oktyabrın 21-də yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, sentyabrın iki günü ərzində seçmə üsulu ilə 2790 nəfərin bu barədə rəyi öyrənilib. Onlardan 1539 nəfəri və ya 55 faizi sualı cavablandırmağa hazır olduğunu bildirib.
İmperator ailəsi onları maraqlandırırmı sualına respondentlərin 72 faizi buna böyük və ya müəyyən qədər maraq göstərdiklərini bildiriblər. 27 faizi isə bununla maraqlanmadığını və ya çox az maraqlandığını deyib.
İmperator ailəsi ilə maraqlananların 70 faizinin 40 yaşdan yuxarı insanlar olduğu, gənclərin isə bu mövzuya çox az maraq göstərdiyi məlum olub.
İmperator ailəsinə hansı hissləri bəsləmələri barədə suala isə 71 faizi sıx yaxınlıq və ya müəyyən dərəcədə yaxınlıq hiss etdiyini bildirib. 27 faizi isə İmperator ailəsinə heç də xüsusi yaxınlıq hiss etmədiyini və ya çox az yaxınlıq hiss etdiyini deyib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-10-21 14:35:00