×
A
A
A
Sazlamalar

Ağcabədidə müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub

Ağcabədi, 19 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında Azərbaycan Ordusunun ehtiyatda olan kiçik çavuşu, Qarabağ müharibəsi veteranı Vəliyev Elçin Əjdər oğluna “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmilərinin, Ağcabədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin, ictimaiyyətin və bölgənin müdafiəsində dayanan hərbi hissənin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək Azərbaycanın keçdiyi müstəqillik yolundan, ötən 28 il ərzində dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində atılan addımlardan, əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu uğurların qazanılmasında müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət kəsb edir. Xalqımızın uzun illər arzusunda olduğu müstəqilliyin qazanılması, qorunub saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub.
Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən hərbi qulluqçuların təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
“N” saylı hərbi hissənin zabitləri Elşad Əbülov və Xəyyam Həsənov çıxışlarında Azərbaycan Ordusunun ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunmasına, işğal altında olan torpaqlarımızın azad edilməsinə daim hazır olduğunu bildiriblər.
Sonra medal və “N” nömrəli hərbi hissənin hədiyyəsi Elçin Vəliyevə təqdim edilib.
Ehtiyatda olan kiçik çavuş E.Vəliyev layiq görüldüyü medalın xeyli müddət sonra ona təqdim olunmasında göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib. Veteran olmasına baxmayaraq, övladları ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin həvəskar aktyorluq və bədii qiraət kursunun üzvlərinin iştirakı ilə “Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2019-10-19 17:04:00