×
A
A
A
Sazlamalar

BP gələn ay Xəzərdə 3 ölçülü seysmik tədqiqatlara başlayacaq

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC

BP şirkəti Xəzərin Azərbaycan sektorundakı Şimali Abşeron hövzəsində “D230” bloku üzrə 3 ölçülü seysmik tədqiqatlara noyabrda başlamağı planlaşdırır.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Tədqiqatlar “Gilavar” seysmik gəmisi vasitəsilə aparılacaq. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq”, - deyə B.Aslanbəyli qeyd edib.
Qeyd edək ki, seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadratkilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik tədqiqat proqramının ümumi məqsədi Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir. “Blok D230” suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.
Xatırladaq ki, 2016-cı il mayın 24-də BP və SOCAR “D230” blokunda potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılmasına dair anlaşma memorandumu imzalayıb. İki şirkət arasında “D230” blokunun birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş isə 2018-ci ildə imzalanıb. 25 illik müddəti əhatə edən hasilatın pay bölgüsü haqqında sazişə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operatordur, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsusdur.

Neft - qaz 2019-10-19 11:30:00