×
A
A
A
Sazlamalar

Yevlaxda dövlət-din münasibətləri ilə bağlı seminar-müşavirə keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-18-də Yevlaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov tədbiri giriş sözü ilə açaraq cəmiyyətin bütün təbəqələrini əhatə edən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Tədbirlərin din xadimləri və gənclərlə davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayan Qənimət Qaraşov xalqımızın tarixən öz milli-mənəvi dəyərlərinə, o cümlədən dininə bağlı olduğunu qeyd edib.
Yevlax ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova isə çıxışında dövlət-din münasibətləri istiqamətində görülən işlərdən danışıb, hazırda Azərbaycanda mövcud olan dini durumun bütün dünyaya nümunə olduğunu bildirib.
Tədbir iştirakçılarını Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədəki çıxışında nümunəvi dövlət-din münasibətləri, xalqımızın tolerant və milli-mənəvi dəyərlərinin təbliği və təşviqinin əhəmiyyəti, o cümlədən din xadimlərinin, ilahiyyatçıların sosial mediada aktivliyinin önəmi barədə danışıb. Bildirib ki, müasir dünyada sosial şəbəkələr məkrli insanların, destruktiv qüvvələrin, bədxah məqsədlərə qulluq edənlərin ən çox istifadə etdiyi və geniş kütlələrə təsir etməyə, onları düzgün olmayan istiqamətlərə yönləndirməyə cəhd göstərdiyi virtual məkana çevrilib. Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davamlı şəkildə apararaq, ölkəmizlə bağlı çirkin, bədxah niyyətlərini həyata keçirmək üçün çalışırlar. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, Azərbaycan əleyhinə çıxış edən qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından sui-istifadə edirlər. Sosial şəbəkələr ölkələrdə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat məkanıdır. Bu da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır.
Sədrin birinci müavini diqqətə çatdırıb ki, bu işdə din xadimlərinin üzərinə böyük vəzifə, məsuliyyətli iş düşür. Din xadimlərini sosial mediada fəal olmağa, dövlətin din siyasətini dəstəkləməyə, eləcə də cəmiyyətdə baş verən hadisələrdə aktiv mövqe nümayiş etdirməyə çağıran Səyyad Salahlı ölkəmizə yönəlik təhdidlərə qarşı mübarizədə sağlam əsaslar, milli, dini maraqlara xidmət müstəvisində fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Komitə rəsmisi vurğulayıb ki, din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha səmərəli formada həyata keçirməlidirlər.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Namiq Əliyev İslam həmrəyliyinin təbliğində, o cümlədən dini radikalizmə qarşı mübarizədə dini icmaların yaxından iştirak etməsinin önəminə toxunub.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə işini yekunlaşdırıb.

Din 2019-10-18 21:46:00