×
A
A
A
Sazlamalar

Cəbəllütariqdə ümumi seçkilər keçirilir

Madrid, 17 oktyabr, AZƏRTAC

Cəbəllütariqin tarixində ən həlledici olan ümumi seçkilər keçirilir. Bu seçkilərin əhəmiyyəti Brexitin yaxınlaşan vaxtı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Cəbəllütariqin bütün ərazisi boyunca yerləşən 15 seçki məntəqəsi səhər saat 9-dan axşam saat 10-dək açıq olacaq. Böyük Britaniyanın xaricdə yerləşən bu muxtar ərazisində 24 min vətəndaş Brexit prosesinə rəhbərlik edəcək şəxsi seçəcək.
Hər vətəndaş 32 namizəddən 10 nəfərinə səs verə bilər. Ancaq Cəbəllütariqdə partiya üçün blok şəklində səs vermək qəbul edilib. Mütləq çoxluğa nail olmaq üçün 9 yer qazanmaq lazımdır. Cəbəllütariq Palatasının genişləndirilərək seçkilərə qədər 17 üzvdən 23-ə çatdırılmasının planı həyata keçirilməyib.
Üçüncü müddətə seçiləcəyinə ümid edən Birinci Nazir Fabian Pikardoya qarşı Keyt Azopardi (“GSD” müxalifət formalaşmasının lideri), Marlen Hassan Nahon (“GSD”nin sabiq lideri), həmçinin iki müstəqil namizəd – Robert Vaskes və Cey Si Pons mübarizə aparacaqlar.
Seçkilərin nəticələri cümə günü səhər tezdən Con MakKintoş zalında açıqlanacaq.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-10-17 16:12:00