×
A
A
A
Sazlamalar

Muxtar respublikada sentyabrda 462 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Sentyabr ayında muxtar respublikada 462 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 411 texniki sənəd hazırlanıb, yeni yaranmış 58 daşınmaz əmlak obyektinə ünvan verilib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi 2019-cu ilin sentyabr ayında da komitə tərəfindən diqqətdə saxlanılıb.
Ötən ay 15 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Ordubad və Culfa rayonlarında ailə təsərrüfatları ilə görüşlər keçirilib, əkin atlaslarına uyğun əkinlərin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirmə işi görülüb.
Şahbuz rayonunda planaalma işləri davam etdirilib, 1656 daşınmaz əmlak obyekti plana alınıb. Rayonun Kolanı, Yuxarı Qışlaq və Aşağı Qışlaq bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Babək rayonunun Zeynəddin kəndində torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair monitorinqlər və aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilib, Ordubad və Culfa rayonlarında “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda seminarlar keçirilib.
Naxçıvan şəhəri üzrə 26 küçə, 3 məhəllə və Hacıniyyət kəndində yeni ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılıb, 78 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 55 vətəndaşın müraciətinə baxılıb, 76 vətəndaşa elektron xidmətlər göstərilib.

Regionlar 2019-10-17 12:19:00