×
A
A
A
Sazlamalar

Neftçalada coğrafiya müəlliminin kreativ dərs metodu VİDEO

Neftçala, 16 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

Neftçalada bir əsrdən çox yaşı olan bu məktəb rayonda ilkləri ilə fərqlənərək digər təhsil ocaqlarına nümunə göstərilir. Təhsil ocağında şagirdlərin dərslərə olan marağını artırmaq üçün müxtəlif üsullardan istifadə edilir. İki il bundan əvvəl müəllimlərin və texniki işçilərin vahid formaya keçməsi ilə ilkə imza atan təhsil ocağı bu dəfə də fərqlənməyi bacarıb. Söhbət rayon mərkəzindən 20 kilometr aralıda yerləşən Neftçalanın Yeniqışlaq kənd ümumi orta məktəbindən gedir.
AZƏRTAC xəbər verir ki, 107 ildir fəaliyyət göstərən Yeniqışlaq kənd ümumi orta məktəbində 56 şagirdin təlim-tərbiyəsi ilə 10 müəllim məşğul olur. Bir əsrdən çox yaşı olan bu məktəbdə istifadə olunan innovativ metodlar tədrisin keyfiyyətini, şagirdlərin dərsə marağını artırıb.
Buna misal kimi, məktəbdəki coğrafiya kabinetini göstərə bilərik. Otağa daxil olduqda planetlərin Günəş ətrafında sıralanmasını göstərən maketlər diqqəti çəkir. Bu maketlər şagirdlərlə birgə hazırlanıb və tavandan asılıb. Bundan başqa, divarda suyun böyük dövranını əks etdirən sxematik şəkil də var və onun vasitəsilə dərs izah olunur. Bütün bunların təşəbbüskarı isə gənc coğrafiya müəllimi Elman Babaşovdur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Müəllimlərin işə qəbulu müsabiqəsində 52 bal toplayan gənc müəllim öz arzusu ilə bu məktəbdə işləməyi seçim edib. İlk gündən tədrisi əyani vasitələrlə keçməyi qarşısına məqsəd qoyan Elman Babayev aldığı nəticədən çox sevinir: “Uşaqlarla birlikdə maraqlı və tamamilə fərqli bir sinif yaratmaq fikrinə düşdük. Tez bir zamanda istədiyimizi reallaşdırdıq. Əsas məqsəd şagirdlərdə bu fənnə həvəs yaratmaqdır”.
Sinif otağının divarındakı təsvirləri Elman müəllim özü çəkir. Məhz bundan sonra sinfin tavanında göy cisimlərinin sistemini yaratmaq ideyası meydana gəlib. O, bundan sonra uşaqların coğrafiya fənninə olan marağının artdığını bildirir: “Müxtəlif şəkillər çəkdim. Şagirdlərin də xoşuna gəldi. Yerin daxili quruluşu, okeanın dib relyefi, buxarlanma, buludlar, yağış, vulkan, çaylar və göllərin şəklini çəkdik. Sonra işlənmiş kağızlardan planetlər düzəltdik, onları rənglədik. Bir neçə xəritə tərtib etdik. Məqsəd uşaqlarda həvəs yaratmaqdır. Əvvəlki illərə baxanda görürəm ki, uşaqlarda daha çox irəliləyiş var. Bu əyani vasitələr onlara coğrafiya fənnini sevdirib”.
Şagirdlər də müəllimin coğrafiya kabinetində belə bir şərait yaratmasını sevinclə qarşılayıblar. Hətta bundan təsirlənən məktəblilər kibrit qutularında ölkələrin bayrağını və yaşam tərzini əks etdirən maketlər hazırlayıblar.
Qeyd edək ki, məktəbdə tənəffüs zamanı zəng yerinə klassik və milli musiqilərdən nümunələr səsləndirilməsi ənənəsi də məhz Yeniqışlaq kənd ümumi orta məktəbində qoyulub. Ucqar kənd məktəbində tədrisin keyfiyyətinə diqqət və marağı artırmaq üçün qarşıda hələ neçə belə kreativ nümunə var.

Regionlar 2019-10-16 17:51:00

Video