×
A
A
A
Sazlamalar

“Quran”ın XVI əsrə aid nadir nüsxəsinin Özbəkistandan çıxarılmasının qarşısı alınıb

Daşkənd, 15 oktyabr, AZƏRTAC

Özbəkistan xüsusi xidmət orqanlarının əməkdaşları Fərqanə vilayətində “Qurani-Kərim”in nadir nüsxəsinin ölkədən çıxarılmasının qarşısını alıblar.
AZƏRTAC xəbər verir ki, Buxara şəhərinin sakini Farrux Şarapov müqəddəs kitabın nadir nüsxəsini Buxaradan Fərqanə vilayətinə aparıb. O, həmin nüsxəni Qırğızıstan vətəndaşına təxminən 200 min dollara satmaq istəyərkən yaxalanıb.
Müqəddəs kitabın dəyəri isə bundan dəfələrlə yüksək qiymətləndirilir.
Mütəxəssislər müəyyən ediblər ki, “Qurani-Kərim”in surəti XVI əsrdə xəttat Molla Yusif Saxxaf tərəfindən köçürülüb və kitab halına salınıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində müqəddəs kitab bərpa edilib. Beş yüz il tarixi olan kitab qızılı hərflərlə yazılıb və Səmərqənd xəttatlıq məktəbinə aiddir.
Müqəddəs kitabın qorunub saxlanılması üçün Özbəkistan Tarixi Muzeyinə verilməsi qərara alınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-10-15 14:13:00