×
A
A
A
Sazlamalar

Beynəlxalq konfransda Azərbaycan nümayəndəsinə idman mediası sahəsindəki elmi fəaliyyətinə görə fəxri mükafat verilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində region ölkələri üçün idman sahəsində akademik tədqiqatlar mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi akademiyanın idman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva təmsil edib.
Konfransın məqsədi idman sahəsindəki elmi araşdırmaları və təcrübələri bölüşməklə yanaşı, bu sahədə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, akademik tədqiqatları genişləndirmək olub.
E.Mustafayeva tədbirdə idman sahəsində mətbuatın rolu və idman jurnalistikası təhsilinin əhəmiyyətindən danışıb. O, bu istiqamətdə görülən işlərdən bəhs edib və meneceri olduğu Azərbaycanın və Qafqazın ilk idman jurnalistikası magistr proqramı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, magistr proqramının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Hazırda proqrama ölkədən kənarda da maraq yaranıb. Belə ki, magistr proqramına qəbul olunanlar arasında xarici ölkələrdən də tələbələr var.
Türkiyənin "Akademik İdman Araşdırmaları" dərnəyinin təşkilatçılığı ilə keçirilən konfransa Azərbaycanla yanaşı Türkiyə, İran, Ukrayna, Rusiya və digər ölkələrin idman təhsili sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.
Sonda Azərbaycan təmsilçisinə idman mediası sahəsində apardığı elmi fəaliyyətinə görə xüsusi təşəkkürnamə və konfransın fəxri mükafatı təqdim olunub.
Qeyd edək ki, bu istiqamətdə atılan addımlar 2018-ci il noyabrın 16-da Azərbaycan Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə və ölkəmizin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.

Sosial 2019-10-12 02:17:00