×
A
A
A
Sazlamalar

Bakıda gənclər üçün beynəlxalq təlim kursu işə başlayıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən dəstəklənən “3 ölkədə gənc sahibkarlar klubunun yaradılması” layihəsi çərçivəsində Bakıda beynəlxalq tədbir işə başlayıb.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin Baş katibi Gülnar Xəlilova tədbirdə Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Moldova və Gürcüstandan 30-dan çox gəncin iştirak etdiyini diqqətə çatdıraraq, beynəlxalq təlim kursunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması, innovativ ideyaların uğurlu biznesə çevrilməsi, startup layihələrin hazırlanması və s. istiqamətdə bilik və bacarıqların öyrədiləcəyini vurğulayıb.
Tədbirdə iştirak edən nümayəndə heyətlərinin üzvləri də çıxış edərək, Bakı şəhərində ilk dəfə olduqlarından məmnunluqlarını bildirib, Mərkəz tərəfindən təşkil edilən tədbirin onların təhsil və iş həyatlarında böyük əhəmiyyətə malik olacağını diqqətə çatdırıblar.
Bir həftə davam edəcək tədbir müddətində iştirakçılar təlim proqramında iştirak etməklə yanaşı, müxtəlif dövlət və özəl qurumlarla görüşlər keçirəcək, Bakının tarixi-mədəni məkanları ilə tanış olacaq və Azərbaycan mədəniyyət gecəsinə qatılacaqlar.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın, Gürcüstanın və Moldovanın paytaxtlarında gənc sahibkarlar klublarının yaradılması, Azərbaycanda və Gürcüstanda iki beynəlxalq təlim kursunun, gənclər mübadiləsinin və bir beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
Artıq ötən ay Gürcüstanda ilk beynəlxalq tədbir keçirilib.
Layihənin tərəfdaşları Böyük Britaniyanın NEFELİ Beynəlxalq Təhsil Şəbəkəsi, İspaniyanın PRÓXIMA Təhsil və Mədəniyyət Assosiasiyası, Türkiyənin Uludağ Universiteti, Gürcüstanın KinoYeast Gənclər Assosiasiyası və Kişinyov şəhər Təhsil, Gənclər və İdman Baş İdarəsidir.
Layihə 2020-ci ilin iyun ayınadək davam edəcək.

Sosial 2019-10-11 17:47:00