×
A
A
A
Sazlamalar

Muzey Mərkəzində rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi açılıb

Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə nümayiş edilən əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlib və caz musiqisinə həsr olunub.
Sərginin açılışından öncə Mədəniyyət Nazirliyinin rəsmisi Qalib Qasımov çıxış edərək rəssamın yaradıcılığından, onun əsərlərinin məna və məzmun baxımından gözəlliyindən söz açıb. Bildirilib ki, hazırkı sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və məşhur musiqi janrına Azərbaycanın verdiyi töhfələri nümayiş etdirir.
Qeyd edilib ki, müəllifin ifaçı və bəstəkarlardan tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.
Onun 2016-cı ildə Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisinə gələn qonaqlara milli və xarici cazmenlərin portretləri, onlardan - Emma Fidcerald, Lui Armstrong, Rafiq Babayev, Pərviz Rüstəmbəyov, Vaqif Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli və caz musiqisinə həsr olunmuş kompozisiyaları təqdim olunub.
Sərginin ideyası həmin festivalın davamı olaraq yarandığına görə ekspozisiyanın “ürəyi” olan caz musiqisinin yerli və xaricdən olan 30-dan çox korifeyinə həsr olunmuş əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr, Ennio Morrikone, Henri Mancini, maestro Niyazi, Nina Simon, BB Kinq, Natiq Şirinov, Dilarə Kazımova və başqaları bu sırada yer alır.
Həmin mövzu bu sərgidə Azərbaycan folklor musiqisinə həsr olunmuş bəzi işlərlə səsləşir. Vüqar Əlinin bahar təravətli çiçək açmış gənc gözəllərə həsr etdiyi əsərlərinin bir hissəsini tamaşaçılara nümayiş etdirdi.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılıq axtarışlarından danışıb, onu növbəti sərgisinin açılışı münasibətilə təbrik ediblər.
Bildirilib ki, qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunub. Bunlardan biri kristalloqrafiya bilikləri əsasında yaradılıb. O, bu əsəri tanınmış mineralogiya üzrə mütəxəssis, akademik Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar entuziast rəssamla birgə yaratmışdır. Kristalloqrafiya işləri xalça ornamentlərini xatırladan riyazi kompozisiyası ilə fərqlənir.
Rəssamın digər silsiləsi öz adını mif qəhrəmanı olan nar pərisindən götürmüş Nargilədir. Bu sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərlərini görmək olar.
Vurğulanıb ki, Vüqar Əli Gənc Tamaşaçılar Teatrında baş rəssam vəzifəsində çalışıb. Həmçinin o, 8 il əsərləri daimi ekspozisiyada sərgiləndiyi Muzey Mərkəzində işləyib. Muzey Mərkəzində çalışdığı müddətdə məşhur sərgi layihələri olan Bakı Beynəlxalq Müəllif Kuklaları Bienalesi, “Gözəllik nuru”, “Kofe rəngi” və bir sıra digər layihələrin dizaynını hazırlayıb.
Son illərdə Vüqar Əli yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda pedaqoji fəaliyyət ilə də məşğul olur.
Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

İncəsənət 2019-10-04 19:56:00