×
A
A
A
Sazlamalar

Səyyar “ASAN qatar” Qazaxda 4000-dən çox sakinə xidmət göstərib

Qazax, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Sentyabrın 2-dən “ASAN qatar” Qazax rayonunun sakinlərinə səyyar xidmətə başlayıb. Bu günədək xidmətin imkanlarından Qazaxla yanaşı, qonşu rayonlardan müraciət edən 4426 nəfərdən 4210-u yararlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üçüncü dəfədir Qazaxa gələn səyyar “ASAN qatar” şəhər dəmir yolu stansiyasında vətəndaşlara xidmət göstərir.
Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat və innovativ üsullarla təqdim olunması, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Vətəndaşlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, digər xidmətlərlə yanaşı, qan qruplarını müəyyənləşdirmək üçün də müraciət edirlər.
Xidmətlər dörd dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Əhaliyə əsas xidmətlərlə yanaşı, funksional yardımçı xidmətlər də təqdim olunur. Səyyar “ASAN qatar” oktyabrın 1-dək Qazaxla yanaşı, ətraf rayonların sakinlərinə də müvafiq xidmətlər göstərəcək.

Regionlar 2019-09-21 14:47:00