×
A
A
A
Sazlamalar

Yuta ştatında avtobus qəzaya uğrayıb: ölənlər və yaralananlar var

Vaşinqton, 21 sentyabr, AZƏRTAC 

Yuta ştatında turist avtobusunun aşması nəticəsində azı dörd nəfər həlak olub, 20-dən çox adam yaralanıb.
AZƏRTAC xəbər verir ki, ştatın hakimiyyət orqanlarının sözlərinə görə, avtobusda sürücü ilə birlikdə 30 nəfər olub. Dairə şərifinin mətbuat katibi Deniz Dastrupun sözlərinə görə, avtobus SR-12 magistralında Brays-Kanyon Milli Parkının yanında aşıb.
Yerli xəstəxananın müdiriyyəti bildirib ki, bu qəzadan sonra 22 pasiyent xəstəxanaya düşüb. Onlardan üç nəfəri böhranlı, 11 nəfəri ağır vəziyyətdə olub. Yuta polisinin məlumatına görə, avtobus çinli turistləri Brays-Kanyona aparırmış.
Çinin ABŞ-dakı səfirliyinin bəyanatında deyilir: “Yuta ştatında çinli turistləri daşıyan avtobusun qəzaya uğramasından kədərlənmişik. Səfirlik regiona öz nümayəndələrini göndərib. Zərərçəkənlərə kömək göstəriləcək”.
Polis qəzanın hansı şəraitdə baş verməsini hələ aydınlaşdırmayıb.

Yusif Babanlı
AZƏRTAC–ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-09-21 11:50:00