×
A
A
A
Sazlamalar

Dərbənddə azərbaycanlı mütəxəssislərin iştirakı ilə nadir əl xalçaları mərkəz yaradılacaq

Moskva, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də “Dərbənd şəhəri” şəhər dairəsinin rəhbəri Xizri Abakarov Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Dərbənd şəhərində əl işi olan nadir xalçaların sərgilənəcəyi Etnoqrafiya Mərkəzinin yaradılması ideyası müzakirə olunub. Mərkəzin yaradılması və formalaşdırılmasında, fəaliyyətinin təşkilində Azərbaycan xalçaçılarının, memarlarının, dizaynerlərinin təcrübəsindən istifadə ediləcəkdir.
Vurğulanıb ki, mütəxəssislər tərəfindən Dərbənd şəhəri və onun ətrafında olan yaşayış məntəqələrində XVII əsrin sonu XX əsrin əvvəllərində toxunmuş nadir qədim xalçalardan ibarət kolleksiya hazırlanıb. Həmin xalçalar hazırda sertifikatlaşma prosesindən keçirilir.
Qeyd edək ki, professor Vidadi Muradovun rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilmişdir. UNESKO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq “Dərbənd xalçaçılığı” (“Дербентское ковроткачество”) monoqrafiyası nəşr edilib. Görkəmli alim bu istiqamətdə fəaliyyətinə görə 2016-cı ildə “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

İncəsənət 2019-09-20 22:32:00