×
A
A
A
Sazlamalar

“Əsrin müqaviləsi” gənclərin düşüncəsində

Bakı, 19 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı SOCAR-ın “Qaz İxrac” İdarəsində “Əsrin müqaviləsi” gənclərin düşüncəsində” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb və “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev çıxış edərək “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bu müqavilə ilə Azərbaycan öz müstəqilliyini möhkəmləndirib və sonrakı illərdə ölkəmiz regionun lider ölkəsinə çevrilib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, “Əsrin müqaviləsi” çox mürəkkəb və çətin bir dövrdə imzalanıb. Bu müqavilənin imzalanması cəsarət və qətiyyət tələb edirdi. Çünki Azərbaycanda o dövrdə çox çətin geosiyasi mühit mövcud idi. Lakin Ulu Öndər öz həyatını xalqımız və dövlətimiz üçün təhlükələrə ataraq bu tarixi müqavilənin imzalanmasına nail oldu. Bu müqavilənin icrası ilə Azərbaycan dövləti yeni inkişaf imkanları qazandı.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoyub. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, “Əsrin müqaviləsi”ndə dünyanın ən qabaqcıl ölkələrinin ən məşhur neft şirkətləri iştirak edib. Bununla da yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlandı.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxış edərək “Əsrin müqaviləsi”nin tarixi bir layihə olduğunu bildirib. Vurğulayıb ki, yalnız Heydər Əliyev kimi qətiyyətli və müdrik bir dövlət başçısı Azərbaycanın iqtisadi mənafelərini ciddi şəkildə qoruyan belə bir mükəmməl müqavilənin imzalanmasına nail ola bilərdi. Heydər Əliyev bir daha sübut etdi ki, Azərbaycan xalqının mənafeyi və inkişafı onun siyasi fəaliyyətinin əsas qayəsidir. Xalik Məmmədov “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə neft sənayesinin inkişafından, onun kadr ehtiyatının zənginləşməsindən danışıb.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.
Tədbirin sonunda Xətai rayon məktəblilərinin “Əsrin müqaviləsi”nə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Neft - qaz 2019-09-19 21:48:00