×
A
A
A
Sazlamalar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatala rayonlarının vətəndaşlarını qəbul edib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 19-da Şəkidə Oğuz, Qəbələ və Şəki rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
Qəbulda hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac duyulan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.
Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Zaqatalada Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 32 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sosial 2019-09-19 13:46:00