×
A
A
A
Sazlamalar

KOBİA “Caspian European Club”la sıx əməkdaşlıq edir

Bakı, 17 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian European Club”la sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın sentyabrın 19-da keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019” çərçivəsində davam etməsini dəstəkləyirik. Forumda KOBİA-nı idarə heyətinin sədri Orxan Məmmədov təmsil edəcək.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Caspian European Club”un sıx əməkdaşlıq etdiyi mühüm dövlət qurumlarından biridir. Kiçik və orta biznesi təmsil edən şirkətləri maraqlandıran problem, sual və təkliflərin operativ müzakirəsi üçün tərəflər arasında birgə işçi qrupu uğurla fəaliyyət göstərir. KOBİA biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərimizin müraciət etdikləri bütün xahiş və təkliflərə dərhal münasibət bildirir. Biz agentliyin uğurlu fəaliyyətinə sevinir və səmərəli əməkdaşlığımızın bundan sonra da davam etməsini dəstəkləyirik”, - deyə T.Əliyev bildirib.
Qeyd edək ki, “Caspian Energy Forum Baku – 2019”un işində 50 ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək. Forum 3 sessiyadan ibarət olacaq. Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com  

Energetika 2019-09-17 15:40:00