×
A
A
A
Sazlamalar

Elektrik enerjisi verilişində fasilə nəticəsində Mərkəzi Amerikanın dörd ölkəsi işıqsız qalıb

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

Bazar ertəsi Mərkəzi Amerikanın elektrik şəbəkəsində yaranmış nasazlıq nəticəsində milyonlarla adam bir neçə saat ərzində işıqsız qalıb.
AZƏRTAC xəbər verir ki, bu hadisədən ən çox zərər çəkən Honduras olub: bu ölkənin 9 milyondan çox sakini işıqsız qalıb. Hondurasın paytaxtı Tequsiqalpada 600-dən çox svetoforun işində fasilə yaranıb.
Honduras dövlət elektrik şirkətinin nümayəndəsi Leonardo Deras mətbuat konfransında bildirib ki, problemin yaranmasına səbəb Karib dənizi sahilindəki yardımçı stansiyanın həddən artıq yüklənməsi olub. Nikaraquadakı Enatrel dövlət enerji şirkətinin prezidenti Salvador Mensellin sözlərinə görə, elektrik enerjisi verilişində yaranmış fasilə nəticəsində paytaxt Manaqua və ətraf əyalətlər iflic vəziyyətinə düşüb.
Bu ölkədə özəl və kommersiya tipli elektrik enerjisi istehlakçılarının sayı 600 minə yaxındır. Paytaxtın bəzi hissələrində internet-xidmətlərdə və su təchizatında da fasilə yaranıb.
Günün ikinci yarısında elektrik enerjisi verilişinin bərpası üzrə işlər başlanıb. Salvador və Qvatemalada da qısa fasilələr yaranıb.

 

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-09-17 12:54:00