×
A
A
A
Sazlamalar

Gürcüstanın Baş Naziri hökumətin fəaliyyətinin əsas prinsiplərini açıqlayıb

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Gürcüstanın yeni Baş Naziri Georgi Qaxaria hökumətin fəaliyyətinin əsas prinsiplərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bu barədə hökumətin ilk iclasında məlumat verib. O deyib ki, hökumət, ilk növbədə, vaxtında və səmərəli fəaliyyət göstərəcək. Ən başlıcası isə intizama ciddi fikir veriləcək. Nazirlər Kabinetinin üzvləri biznes strukturları və vətəndaşlar ilə daim təmasda olmalıdır. Digər bir istiqamət gənclərə, uşaqlara və yaşlı insanlara diqqətin artırılması ilə bağlıdır.
Baş Nazir bəyan edib ki, hökumətin həftəlik iclası bundan sonra hər həftənin dördüncü günü səhər keçiriləcək.
G.Qaxaria özünün müavinlərinin də adlarını açıqlayıb. O, Ədliyyə naziri Tea Tsulukianini və İnfrastruktur və Regional İnkişaf naziri Maya Tsikitişvilini özünə müavin təyin edib.
Hökumət başçısı bölgə qubernatorları ilə də görüşüb. O, qubernatorlara vətəndaşların problemlərini vaxtında və səmərəli həll etməyi, əlavə problem yaratmamağı tapşırıb.
Görüşdə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili də iştirak edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2019-09-14 15:58:00