×
A
A
A
Sazlamalar

AMEA-nın əməkdaşları Lənkəran Regional Elm Mərkəzində təcrübə mübadiləsi aparıblar

Lənkəran, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) bir qrup əməkdaşı AMEA-nın Lənkəran Regional Elm Mərkəzində (LREM) olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LREM-in direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev AMEA-nın əməkdaşlarına rəhbərlik etdiyi təşkilatda aparılan elmi-tədqiqat işləri, Azərbaycanda çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının icrası istiqamətində reallaşdırılan tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.
MBBİ-nin laboratoriya müdirləri, biologiya elmləri doktorları Yaşar Feyziyev, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov institutda aparılan elmi-tədqiqat işlərindən, elmi kadrların hazırlanması istiqamətində son yeniliklərdən, yeni yaradılan laboratoriyalardan danışıblar.
Sonra qonaqlar LREM-nin Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının təcrübə bazasında aparılan tədqiqatlarla tanış olub, çay və sitrus bitkilərinin öyrənilməsi, rayonlaşdırılması və yeni sortların yaradılması istiqamətində görülən işlərlə maraqlanıblar.
Professor Fərman Quliyev bildirib ki, aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 2019-cu ildə 4 yeni çay sortu sınaqdan müvəffəqiyyətlə keçərək dövlət reyestrinə salınıb. Dövlət sort sınağına qəbul edilən daha 2 sitrus-limon və narıngi formalarının sınağı davam etdirilir.
Diqqətə çatdırılıb ki, professor F.Quliyevin təşəbbüsü və rəhbərliyi altında bölgə üçün İran İslam Respublikasından intruduksiya edilmiş tropik-subtropik quayava (Psidium quayava) bitkisinin becərilməsi imkanları öyrənilib.
Yerli şəraitə dözümlülüyü və məhsuldarlığı ilə seçilən yeni çay və sitrus sortlarının bazasının yaradılması istiqamətində işlər davam etdirilir.
Görülən işlərdən məmnunluğunu bildirən qonaqlar bundan sonra da qarşılıqlı əməkdaşlıq, elmi-texniki sahələrdə mütəxəssis mübadiləsi, LREM üçün mütəxəssislərin hazırlanması, gənclərin elmi tədqiqatlara cəlb edilməsi, digər maraq doğuran aktual məsələlər üzrə birgə elmi seminarların təşkili barədə razılığa gəliblər.
Qeyd edək ki, bu ilin mart ayında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın Regional Elmi Mərkəzi və Lənkəran Dövlət Universiteti arasında elmi tədqiqat və kadr hazırlığı üzrə üçtərəfli əməkdaşlıq barədə memorandum imzalanıb.

Regionlar 2019-09-14 14:02:00